Motivasyonu artırmanın yolları

Motivasiya sözü "motive" sözündən gəlir və bu sözün mənası "movement" yəni hərəkət sözü ilə əlaqəlidir. Bu fikirdən yola çıxaraq qeyd edə bilərik ki, motivasiyanın mərkəzində hərəkət durur.

Motivasiyamızın aşağı olması adətən beynimizdə olan neqativ düşüncələrdən irəli gəlir. Yəni mənfi düşüncə və fikirlər insanda ümidi, güvən hissini aşağı salaraq hərhansı bir şeyi bacara biləcəyinə dair inamının azalmasına gətirib çıxara bilir.  

Bizi ruhdan salan amillər nələrdir?

Gün boyu görəcəyimiz işləri, həyata keçirməli olduğumuz planları, üzərimizə düşən öhdəlikləri həvəs və istəklə yerinə yetirə bilmək üçün biz daim bizə ilham verən ruh halına və motivasiyaya ehtiyac duyuruq. Motivasiya olunmuş və açıq zehin bizə daim görəcəyimiz işləri daha uğurlu şəkildə yerinə yetirməyimizdə köməkçi rolunu oynayır. Lakin qəbul edək ki, həmişə eyni və yüksək enerjili ruh halında olmaq demək olar ki mümkünsüzdür. Qarşımıza çıxan problemlər, sıxıntılar zaman-zaman görəcəyimiz işlərdən və hədəflərimizdən yayındıraraq bizi istəksizliyə və enerjimizin azalmasına gətirib çıxara bilir. Bu səbəblə də gündəlik davam edən fəaliyyətimiz təkcə işə və qayğılara yönəlik olmamalı, eyni zamanda zehnimizi dincəldən, bizə rahatlıq və enerji verən sosial fəaliyyətləri də gündəlik gördüyümüz işlər sırasına salmalıyıq.

Bizi maraqlandıran fəaliyyət növlərindən və istəklərimizdən asılı olaraq müxtəlif hobbilərlə məşğul olmaq, ailəmizlə vaxt keçirmək, bizə ilham və müsbət enerji verən insanlarla ünsiyyətdə olmaq görəcəyimiz digər işlərdə bizi motivasiya edərək müsbət təsir göstərəcəkdir.

Motivasiyanı qaldırmağın yolları:

1. Hədəflərinizi dəqiqləşdirin

Hədəfləriniz barəsində düşünün və buna sərf edəcəyiniz vaxtın nə dərəcədə faydalı olub olmamasını götür qoy edin. Gedəcəyiniz yolda hədəflərinizi öncədən dəqiqləşdirərək kiçik addımlarla başlayın. Həftəlik və ya aylıq hədəflərinizi bir yerə qeyd etmək bu işdə faydalı ola bilər.

2. Mənfi düşüncələrdən azad olun

"Bunu edə bilmərəm", "məndə alınmaz", "sonra edərəm" kimi sizi həvəsdən salan düşüncələrdən azad olun. Bu cür fikirlər nə qədər az olarsa bir o qədər özünüzə inamınız artacaq və görəcəyiniz işlərə qarşı daha çox həvəs yaranacaq. 

3. İdmanla məşğul olun və musiqi dinləyin

Enerjili musiqi dinləmək və idmanla məşğul olmaq hər zaman insana müsbət enerji vermişdir. Gün ərzində yarım saatlıq təmiz havada gəzintiyə çıxmaq isə həm sağlamlığınıza faydalıdır həm də müsbət enerjinin yaranmasına gətirib çıxaracaqdır.

4. Vaxtınızı düzgün idarə edin

Zaman azlığı və görməli olduğumuz işləri vaxtında çatdıra bilməmək hissi stresə yol aça bilir. Bu səbəblə də zamanımızı düzgün bölərək görəcəyimiz işləri vaxtında yerinə yetirməkdə fayda var. Lakin iş prosesi zamanı beynimizin dincəlməsi və fiziki yorğunluğumuzu azaltmaq üçün gün ərzində fasilələr vermək də önəmlidir. 

5. Özünüzə inanın

Özünə inam hər zaman uğurun başında gəlir. Gündəlik həyat fəaliyyəti zamanı işlərinizlə yanaşı şəxsi inkişafınız üçün də vaxt ayırın. Müxtəlif kitab, məqalə və digər mənbələrdən faydalana bilərsiniz.  Zəif və güclü tərəflərinizi tanıyıb öz üzərinizdə işləmək  özünüzə qarşı inamı artırmaqda faydalı olacaqdır. 

 
 

 

 

Yorum yap